Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası jurnalistləri mükafatlandırıb
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) milli mətbuatın 140 illik yubileyinə həsr olunan tədbir keçirib.
ASGA-nın sədri Səbuhi Abbasov tədbirdə çıxış edərək KİV nümayəndələrini milli mətbuatımızın 140 illik yubileyi münasibətilə təbrik edib. Bildirib ki, bu günlərdə ölkəmizdə milli mətbuatın 140 illik yubileyi geniş qeyd edilir. ASGA da media nümayəndələri ilə birlikdə həm bu günü qeyd etməyə, həm də ölkəmizdə ictimai rəyin formalaşmasında fəal iştirak edən media nümayəndələrini mükafatlandırmağı qərara alıb. Bu tədbirlərin keçirilməsi ölkəmizdə media və QHT sektoru arasında əməkdaşlığın inkişafına töhfə xarakteri daşıyır.
Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən milli mətbuatın inkişafına diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə mətbuat nümayəndələrinin yüksək fəxri adlar, orden və medallarla təltif edilməsi bu diqqət və qayğının əyani göstəricisidir.
Bildirilib ki, bu il Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Bu Oyunlarda da mətbuat nümayəndələri həm yüksək peşəkarlıq, həm də operativlik nümayiş etdirdilər. Bu Oyunların yüksək səviyyədə keçirilməsi Azərbaycan dövlətinin və xalqının möhtəşəm qələbəsidir.
Digər çıxış edənlər də birinci Avropa Oyunları ərəfəsində və yarışlar müddətində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qarşısının alınmasında Azərbaycanın media təmsilçilərinin rolunu vurğulayıblar.
Sonda milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə KİV-in inkişafında və “Bakı-2015” birinci Avropa Oyunlarının təbliğində xüsusi xidmətlərinə görə bir sıra media qurumları, o cümlədən AZƏRTAC diplom və mükafatlarla təltif edilib.
Sonra Azərbaycan-Slavyan Gənclər Assosasiyası, Türkiyə Cümhuriyyətinin Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz Təmsilçiliyi və “Xalq City” MTK adından KİV nümayəndələrinə diplom və mükafatlar təqdim olundu.